Paylaş
Facebook Twitter Google+

Qədir-Xumun daimiliyinin zəmanəti nədədir?

Ramal Əmiraslanov

2018-08-19 11:48:53 1256 Üsuliddin İmamət

Allah Təala bir hadisəni tarixin yaddaşında qalmasını qərar verirsə, o hadisəni müxtəlif fraqmentlərlə tarixə həkk edir. Qədir-Xum – məhz bu cür hadisələrdəndir. Bu mübarək hadisə insanlıq tarixinə bir neçə cəhəti ilə qeyd edilib. Hadisənin reallaşması insanlıq üçün kifayət qədər mühümdür. Məhz bu səbəbdən bu mübarək gün öz yerini ən çətin zaman kəsiklərində belə, qoruya bilib. Bu hadisəni yaddaşlarda saxlayan fraqmentlərin bəzilərini gözdən keçirək:

 

1. Vida həcci. 23-illik peyğəmbərlik yolunun sonu. Dünyaya gəlib-gedəcəklərin hamısının arasında ən üstün bir şəxsin son həcci – çox mühüm və hüznlü bir hadisədir. Yer ilə göy arasında vəhy rabitəsinin qırılmasının və 124 min peyğmbər zəncirinin kamala çatmasının tarixdə təkrarı olmayacaq.

Adətən tarixçilər bir şəxsi araşdırmaq istədikdə, onun son mesajlarına daha ciddi yanaşırlar. Çünki, insan vida vaxtı bir çox həqiqətləri etiraf edir və ən mühüm tapşırıqlarını onda verir. Bu baxımdan Rəsulallahın (s) vida həcci də tarixçilərin həmişə diqqət mərkəzində olan bir mövzudur.

 

2. Şiddətli isti səhra. Qədir-Xum çölünün həmin günlərdə şiddətli şəkildə isti olması tarixçilərin qeyd etdiyi ilə təsbit olunub. Məhz karvanın həmin səhralıqda dayanması – diqqət cəlb edən bir mövzudur. Belə ki, o yer karvanların yol ayrıcı olduğu üçün, çoğrafi ərazi kimi çox mühüm bir yer idi. Öndə gedənlərin də qaytarılması və arxada qalanların da gəlib çatması üçün gözlənilməsi – mövzunun ciddi olduğunun göstəricisidir. Mesajı hamı eşitməlidir.

Səhabələrin bəziləri qeyd edirlər ki, “İstidən qorunmaq üçün əbalarımızın bir hissəsini altımıza, bir hissəsini də başımızın üstünə çəkmişdik”. Səhabələr anlamışdılar ki, bu isti səhrada Rəsulallahın (s) dayanması – İlahi missiyanın mühüm bir mesajının çatdırlması ilə bağlı ola bilər. Çünki, Rəsulallah (s) bihudə iş görməz.

 

3. İki ayənin nazil olması. Vəhy elə bir rabitədir ki, yalnız ən zəruri hadislərlə bağlı olan mövzularda nazil olub. Allah Təala Öz Rəsuluna (s) o vaxt vəhy nazil edirdi ki, o zaman Rəsulallah (s) özü qərar verəcək səlahiyyətə malik olmur. Bu baxımdan Qədir-Xum hadisəsi öncəsi və sonrası nazil olan “Maidə” surəsinin 67 və 3-cü ayələri – hadisənin mühümlüyünü diqqət önünə gətirir.

 

4. Ayələrin məzmunu. İlk nazil olan ayədə - “Maidə” surəsinin 67-ci ayəsində buyurulur ki, “Ey Rəsulum! Allah tərəfindən sənə nazil olanları insanlara çatdır! Əgər (bunu) çatdırmasan, Allahın risalətini təkmil etməmişsən. Allah səni camaatdan (onların ziyanından) qoruyacaqdır”.

Ayənin geniş izahıni vermək istəməsək də, göründüyü kimi mesajın mühümlüyü göz önündədir. Çatdırılacaq mesaj o qədər mühümdür ki, Allah proseslərin gedişinə birbaşa Özü zəmanət verir.

Rəsulallah (s) mesajı topluma çatdırdıqdan sonra isə “Maidə” surəsinin 3-cü ayəsi: “Bu gün dininizi sizin üçün kamil etdim, nemətimi sizə tamamladım və İslamı bir din olaraq sizin üçün seçib bəyəndim” nazil olur. Bu ayənin də mövzusu Allahın nazil etdiyi dinin tamamlanması və kamiləşməsi ilə bağlıdır. Yəni, Allahın insanlıq üçün təyin etdiyi dini Rəsulallah (s) vasitəsi ilə çatdırdığını son olaraq qeyd edir.

Bu ayələr də Qədir-Xum hadisəsinin xüsusi əzəmətini artırır.

 

5. Son ayələrin nazil olması. Qədir-Xum – əslində mübarək Qurani Kərimin son ayələrinin nazil olması ilə də diqqət çəkən bir hadisədir. Dinin araşdırılması ilə məşğul olan mütəxəssislər Rəbbimizin ilk və son buyuruşlarını da diqqətlə araşdırırlar. Bu baxımdan son ayələrin harada və hansı şəraitdə nazil olması – kifayət qədər mühüm mövzudur. Bu İlahi iradə də diqqəti Qədir-Xum mövzusunun üzərinə çəkməkdədir. Ayələrin şəni-nuzulu əsil həqiqətlərin tapılmasına çığır açır.

 

6. İştrakçıların sayı. Rəsulallah (s) zamanı üçün bir ayəni, bir mesajı topluma yaymaq üçün məmurlara ehtiyac var idi. O şəxslər nazil olan ayələri ətrafa yaymaqda məmur idilər. Amma bu hadisədə nazil olan ayələri və Rəsulallahın (s) mesajını o dövr üçün pik sayda olan şəxslər tərəfindən yayılması təmin olunmuşdu. Bəzi alimlər Peyğəmbərlə (s) birgə həcdə olanların sayını 90 min, bəziləri 112 min, bəziləri 120 min, bəziləri isə 124 min qeyd etmişdir. Amma bəziləri təəsübkeşlik və içlərində olan digər mərəzlərə görə bu həqiqəti gördükləri halda, yaymadılar və ya təhrif edib yaydılar. Bəzi mənbələrdə qeyd edilir ki, bu hadisə tarixdə 500 nəfərdən artıq ravi tərəfindən nəql edilib. Hələ bu hədislərdən 110 ədədi əhli-sünnə mənbələridir.

 

7. Həzrət Peğəmbərimiz (ə) tərəfindən rehlətinin yaxınlaşması xəbərini verilməsi. 23 il ərzində dünyanın ən böyük yarımadasının tamamını mübarək islam dini ilə nurlandıran bir şəxsin verdiyi bu hüznlü xəbər yaddaşlardan silinə biləcək bir xəbər deyil. Qədir-Xumda iştirak edənlər bu xəbəri kifayət qədər həssaslıqla qəbul etdilər. Verilən xəbər möminlərin qəlbinə acısı bitməyən bir hüzn doldurdu. Rəsulallahın (s) bu xəbəri Qədir-Xumda verməsi – təsadüf ola bilməz. Çünki, “O, istədiyini (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir” (“Nəcm” surəsi 3, 4) – deyə Rəbbimiz buyurub.

 

Bu uzana biləcək siyahını hələlik burada saxlasaq, daha yaxşı olar. Yəqin ki, oxucuların da bu siyahıya əlavə edəcək bir detalları var. Amma mövzu budur ki, Allah bu mübarək günü öz əzəməti ilə tarixin ən müqəddəs səhifələrinə həkk edib və bu tarixi fenomen, Qiyamətə qədər pak qəlblərin hərarəti ilə yaşadılacaq.

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

 

 

Bənzər Olanlar