Paylaş
Facebook Twitter Google+

Bu işlərə aludə olmaqla ölüm anınızı çətinləşdirməyin – İmam Sadiq (ə)

Ramal Əmiraslanov

2018-07-18 21:24:29 4192 Üsuliddin Məad

“(Ya Rəsulum!) De: Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) sizi (canınızı) alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!” (Səcdə-11)

İslaminSesi.info – Ölüm insan üçün inkar olunmaz bir həqiqətdir. Heç kəs ölümü inkar etmir. Lakin ölümün həqiqəti barədə insanların baxışı və düşüncəsi fərqlidir. Bəziləri insanı yalnız maddi bədəndən ibarət bir varlıq hesab edir və ölümü yoxluq, yox olub aradan getmək hesab edir. Lakin İslam dini ölümü insan üçün yerdəyişmə və axirət aləminə köç hesab edir.

Hər bir halda əqidəsindən aslı olmayaraq hər kəs ölümü qəbul edir və ölüm anını insanın dünya həyatının bir parçası hesab edir.

İnsanların dünyada qarşılaşdığı bütün hadisələr onların “öz zəhmətlərinin bəhrəsidir”. Bu yaxşı da ola bilər, pis də: “(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir.” (Nisa-79)

Ölüm anı da insanın dünya həyatının bir parçası olduğu üçün bu ayədə deyilən mətləb burada da şamil olur. Yəni insan üçün ən şiddəti və ağır olan ölüm anı birbaşa onun əməlləri ilə six bağlıdır. İmam Sadiq (ə) bir neçə ələlə işara edir ki, bu əməllər həm insan ömrünü, həm də ömrün bir parçası olan ölüm vaxtını zay edər, çətinləşdirər:

 

“Başqalarının haqqına təcavüz etmək nemətləri zay edər,

Haqsız yerə birini öldürmək ona peşmançılıq gətirər,

Başqalarına zülm etmək ilahi intiqamla üzləşməsinə səbəb olar,

Şərab içmək onun eyiblərini açar (həyasını aparar),

Zina ruzisini daraldar,

Qohumlarla əlaqəni kəsmək ömrü qısaldar,

Ağ valideyinlik həyatı puç edər (qara bəxt edər).”

(İləluş-şəraye 2/584)

 

Ömür insan üçün bir nemətdir, Allahın ona bəxş etiyi bir ruzidir. İmamın (ə) saydığı bu kimi işlər insan ömrünü zay edir, çətinləşdirir. Fərq etməz ömür parçası insan həyatının son anında olsun, yaxud digər bir vaxtda.

 

Lakin, İmam Əli (ə) imanla, təqva ilə düzgün həyat yaşayan insan ömrü və ölüm anı üçün buyurub: “Ölüm mömin bəndə üçün şad xəbərdir.”

Yaxub Peyğəmbər (s) buyurub: “Möminin ölüm anı gül iyləmək kimidir.”

 

Bənzər Olanlar