Kövsər surəsinin nazil olma səbəbi və bərəkət dolu fəziləti | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Kövsər surəsinin nazil olma səbəbi və bərəkət dolu fəziləti

Ramal Əmiraslanov

2018-03-13 04:09:10 2820 Məqalələr

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsəri bəxş etdik! (Kövsər-1)

 

İslaminSesi.info – Qurani Kərim 114 surədən ibarətdir və onların biri də “Kövsər” surəsidir. Bu surə Quranin 108-ci surəsidir və demək olarki, həcmcə ən kiçik surədir. Bu surə hicrətdən əvvəl Məkkədə nazil olan surələrdəndir.

 

Hər bir surənin və ya surənin bir hissəsinin öz şəni nuzulu (yəni ehtiva etdiyi mövzusu) və səbəb nuzulu (hər hansı bir hadisə ilə əlaqədar) vardır. Təfsir alimləri Kövsər surəsinin nazil olma səbəbi haqda həm maraqlı, həm də ibrətamiz hadisə qeyd edirlər. Bu surə kiçik olmasına baxmayaraq həm öz məzmunu etibarı ilə, həm də nazil olma hadisəsi ilə insan üçün böyük ibrət məktəbidir. Surənin nazil olması barədə deyilir:

 

Bir gün Hz.Peyğəmbər (s) məscidul-Hərəmdən gələndə As ibn Vaillə rastlaşır. İbn Vail peyğəmbərə (s) suallar verir, peyğəmbər də (s) onun suallarını cavablandırır. Məscidul-Hərama geri qayıdanda ibn Vaildən soruşurlar: Harda idin, kimlə danışırdın?

İbn Vail peyğəmbəri (s) göstərib deyir: Bu əbtər kişi ilə! (Əbtər ərəblər oğlu olmayana, nəsli davam etməyənə deyirdilər).

 

Bu zaman Kövsər surəsi nazil olur və Allah Təala peyğəmbəri “Kövsərlə” müjdələyir, həmən düşmənin özün “əbtər” adlandırır.

(Məcməul-bəyan. Cild-10):

 

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!

 

Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!

 

(Ya Peyğəmbər! Oğlun Qasım, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq!).   

(Kövsər surəsi)

 

“Kövsər” sözünün əsası (kisrət) sözündəndir. Kisrət - yəni çoxluq, çoxalmaq mənasındadır. Quranda işlənmə mənasına gəlincə isə müxtəlif mənalara aid edilməyinə baxmayaraq, ümumilikdə xeyir-bərəkət, nemətlər mənasındadır.

 

1- Kövsərdən məqsəd, Hz. Fatimə (s.ə) və onun övıadları (Əhli-beyt) və cənnətdə bir hövuzdur.

(Təfsiri-Safi, Biharul-ənvar, Cəfəriyyat-251, Şəvahidut-tənzil  2/487)

 

2- Kövsər cənnətdə bir hövuzdur ki, möminlər onun ətrafına yığışacaq.

(Təfsiri-Safi. Biharul-ənvar)

 

3- Kövsər Hz. Peyğəmbərin (s) zəfərləri, ümməti alimləri, möminlərin çoxluğu və Xanım Fatimədir (s.ə).

(Təfsir-Nümunə,  Təfsiri-Kəbir Fəxri Razi)

 

 Kövsər surəsinin tilavəti barədə çox tövsiyə olunub:

 

1-Həftənin 3-cü günü ruzinin çoxalması və güc-qüvvət əldə etmək niyyəti ilə 40 dəfə Kövsar surəsinin oxuyun

(Dərman ba Quran-167)

 

2- Hər kim cümə gecəsində Kövsər surəsinin 100 dəfə oxusa Peyğəmbəri (s) yuxuda görər.

(Mutəxəbul-kəlam fi fi təfsiril-əhlam 2/74)

 

3- Əgər bir kəsi özündən uzaqlaşdırmaq istəsən Kövsər surəsini 9 dəfə oxu və ona tərəf üflə, səndən uzaqlaşıb gedər.

(Tətirul-Anam 1/353)

 

4- İmam Sadiq (ə) buyurb: Hər kim öz vacib və müstəhəb namazlarında Kövsər surəsin oxusa, Allah Təala ona Kövsər hovuzundan içirər və Tuba ağacının altında Peyğəmbərə (s) yaxın olar. (Səvabul-əmal 126)/Yaşar Nuriyev

 

Bənzər Olanlar