Hz.Loğmanın oğluna nəsihətlərindən gözəl bir parça | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Hz.Loğmanın oğluna nəsihətlərindən gözəl bir parça

Ramal Əmiraslanov

2018-01-14 07:53:00 3276 Məqalələr

Loğman surəsi Quranın 31-ci surəsidir. İslaminSesi.info- Təfsirçilərdən və islam tarixçilərindən bəziləri Hz. Loğmanı peyğəmbər, bəziləri isə hikmət və kəramət əhli kimi təqdim etmişlər. Çox təfsirçilərin qənaəti budur ki, o (ə) peyğəmbər yox, ilahi hikmət verilmiş saleh bəndələrdəndir.

Qurani Kərim Loğman (ə) ı hikmət verilmiş şəxs kimi tanıtdırır, adı 2 dəfə zikr olunmuş, hətta Quranda 31-ci surə Hz. Loğmanın adı ilə adlandırılmışdır: “Həqiqətən, Loğmana: 'Allaha şükür et!' (deyə) hikmət verdik.” (Loğman-12)

Hz. Loğman həm Quran, həm də digər dini mətnlərdə ən çox öz hikmətli nəsihətləri ilə tanınır. Onun (ə) adı demək olar ki, ancaq nəsihət etdiyi hallarda zikr olunur:

“(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: 'Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)” (Loğman-13)

Yaxud: “(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: 'Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!” (Loğman-16)

İmam Sadiq (ə) Loğmanın (ə) hikmətlərinə işarə edərək onun (ə) dilindən gözəl və dəyərli bir nəsihət nəql edir:

“ Ey oğul! Elə ki, dünyaya gəldin, ona arxa çevirər, üzü axirətə tərəf olarsan. Elə isə üz tutub getdiyin ev arxa çevirib getdiyin evdən daha yaxındır.

Ey oğul alimlərlə otur, görüş! Onlarla həmsöhbət ol!

Onlarla cədəl (mübahisə) etmə! Məğlub olarsan!

Dünyadan sənə kifayət edəcək qədər bəhrə apar.

Dünyanı tam boşlama ki, insanlara yük olmayasan!

Dünya ilə elə məşğul olma ki, axirətinə zərər gətirsin.

Oruc tut ! Oruc sənin həvəs (nəfsini) və tamahını öldürər.

Namazına mane olacaq qədər oruc tutma, həqiqətən Allah yanında namaz orucdan daha sevimlidir.

Ey oğul həqiqətən dünya dərin bir dəryadır. Orada bir çox alim, elm əhli həlak olub.

Bu dəryada imanı özünə gəmi (qurtuluş vasitəsi) qərar ver!

Allaha təvəkkülü bu gəminin yelkəni qərar ver!

Təqvanı (Allahdan qorxunu) bu yolda özünə sərmayə qərar ver!

Bil ki, nicat tapsan Allahın rəhmətindən, həlak olsan öz nəfsindəndir./Mənbə: Təfsiri Qumi. C-2. Səh-163. Hikmətin əvvəli mülayimlikdir - Hz. Loğman/Yaşar Nuriyev

Bənzər Olanlar