Əgər bu 8 qaydaya əməl etsən, 4 müqəddəs Kitabın mahiyyətini başa düşərsən | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Əgər bu 8 qaydaya əməl etsən, 4 müqəddəs Kitabın mahiyyətini başa düşərsən

Ramal Əmiraslanov

2018-04-03 17:52:22 2830 Məqalələr

Nəql edirlər ki, Hatəm Əsəm, Şəqiq Bələxinin şagirdlərindən olmuşdur. Bir gün Şəqiq ona deyir: “Ey Hatəm! Mənim sözlərimi neçə ildir ki, eşidirsən?”.  Hatəm deyir: “Üç ildir”.  Deyir: “Bu ildə hansı elmi əldə etmisən və məndən nə fayda almısan?”. Hatəm: “8 fayda almışam”. 

 

Deyir: “Mən ömrümün üç ilini sənə sərf etmişəm və sən ancaq 8 fayda əldə etmisən? De görüm bu 8 fayda nələrdir?”.

 

Hatəm: “Birinci fayda budur ki, aləmdəki xəlqə baxdım və gördüm ki, hər birinin məhbubu və məşuqu vardır. Bəzi məhbub və məşuqlar ölənə qədər bir yerdədirlər. Bəziləri qəbrin ağzına qədər. Mən düşündüm və özümə dedim ki, ən yaxşı məhbub – o kəsdir ki, məşuqu ilə birlikdə qəbrə də girsin. Qəbirdə də onun munisi olsun. Ona görə də ehtiyat etdim, bu sifətlərə malik olan məhbub – ancaq saleh əməldir. Mən də onu öz məhbubum etdim ki, mənimlə qəbrə gəlsin.

 

İkinci fayda budur ki, bu xəlqə nəzər saldım və gördüm ki, hamısı öz nəfsinin vurğunudur. Mən nəfsimlə müxalif oldum və Allah Təalanın itaəti ilə hüzur tapdım.

 

Üçüncü fayda budur ki, bu xəlqə nəzər saldım və gördüm ki, hər kəs bir cür əziyyət çəkir. Bu dünyadan əldə etdiklərinə görə şad olurlar. Mən isə dərvişlik yolunu seçdim və dünyadan əldə etdiklərimi Allah yolunda qoydum.

 

Dördüncü fayda budur ki, xəlqə nəzər saldım və bir qövmü gördüm ki, öz qövmünün insanlarının sayının çox olması ilə fəxr edir. Mən başa düşdüm ki, xəlqin bu əqidəsi yanlışdır. Ona görə təqvaya riayət etdim ki, Allah yanında əziz olum.

 

Beşinci fayda odur ki, xəlqə baxdım və gördüm ki, hər biri o birisini danlayır və qınayır. Gördüm ki, hamısı həsəddəndir. Ona görə də heç kəsə həsəd etmədim və Allahın verdiyinə razı oldum.

 

Altıncı fayda budur ki, mən xəlqə nəzər saldım və gördüm ki, hər bir qövm bir başqasını düşmən bilir. Ona görə mən də şeytanı (lən) düşmən bildim. Ona itaət etmədim və pərəstiş etmədim.

 

Yeddinci fayda budur ki, mən xəlqə nəzər saldım və gördüm ki, hər kəs qüdrət və sərvət qazanmaq üçün səy edir. Ona görə də haram və şübhəli qazanclar əldə edirlər. Mən də Allahımla məşğul oldum, çünki bilirəm ki, ruzimi çatdırmaqda zamindir.

 

Səkkizinci fayda budur ki, mən xəlqə baxdım və gördüm ki, hər kəs bir şeyə və ya bir kəsə etimad edir. Biri qızıl və gümüşə, o  birisi sərvətə. Ancaq mən Allah Təalaya təvəkkül etdim, çünki O, ən yaxşı yardım edəndir”. (Tebyan)

 

Şəqiq deyir: “Mən Tövrata, İncilə, Zəbur və Furqana (Qurana) nəzər saldım və gördüm ki, bu dörd kitab bu səkkiz fayda üzərində qurulmuşdur. Hər kim bu faydalara əməl edər – bu dörd kitabın buyurduğuna əməl etmiş olar”./Deyerler.

Bənzər Olanlar