Paylaş
Facebook Twitter Google+

İslam maarifində qeyd olunan İnsanın Bərzəx gözü necə olur?

Ramal Əmiraslanov

2019-03-23 09:10:11 4567 Məqalələr

Bərzəx gözü deyildikdə, bəsirət nəzərdə tutulur. Bəli, insan elə bir məqama çata bilər ki, bəsirət gözü açılsın və qeyb aləminin həqiqətlərini batini gözü ilə görə bilsin. İlahi nuru müşahidə etsin.

 

Ancaq bərzəx gözünə malik olmaq – asan bir iş deyildir. Bunun üçün insan öz nəfsi üzərində işləməli və nəfsini islah etməlidir. Dünyaya olan məhəbbətini azaltmalı, Allaha diqqətini artırmalıdır. Hər an Allah zikri ilə məşğul olmalı və Onu yaddan çıxartmamalıdır.

 

Bəsirət gözünə malik olmaq istəyən insan qəzəbinə hakim olmalıdır.

 

Qəzəb onu alovlandıran zaman, onu yatızdırmağı bacarmalı və başqalarına ziyan vurmamalıdır. Bu cür insan şəhvətini kontrol etməli və haram baxışlardan çəkinməlidir. Qulağına da nəzarət etməli və hər sözü eşitməyi sevməməlidir.

 

O zaman ki, insan ruhu bədənə hakim olar, bu zaman diqqətini daha tez cəmləyib, qəlb hüzuru əldə etmək qabiliyyətinə malik olar.

 

Salik insan təqvasını artıraraq, Allaha addım-addım yaxınlaşar. Ətrafında olanlara da təsir qoyar və onları özünə məftun edər. Salikin bir sözü qarşı tərəfə elə təsir edər ki, bütün varlığını titrədər.

 

Salikin batini qüvvəsi o qədər artar ki, qarşısında olan insanın haqqa və ya batilə meyil etməsi onun üçün aşkar olar. O, bəsirət gözü ilə həmin insanın həqiqətini görər. Bəsirət gözü olan insanlar təbiət hadisələrinə də təsir etmək gücünə malik olarlar. Misal üçün, hətta axan suyu dayandıra bilərlər. (Hədənə)

 

İnsan kamala çatmaq üçün xəlq edilmişdir. Ona görə də hər kəs əgər iradə edərsə, bərzəx gözünə malik ola bilər. Lakin bunun üçün möhkəm iman və əzm lazımdır. Əgər Allah həqiqətən o bəndəsinin salik olmasını istəyərsə, bu iş mütləq həyata keçər. Ona görə də dualarımızda da Allahdan bəsirətə malik olmağı istəməyi unutmayaq./Deyerler.

Bənzər Olanlar