Paylaş
Facebook Twitter Google+

Kərbəla vaqiəsində yer alan 3 dəstə insan

Ramal Əmiraslanov

2018-09-27 14:12:30 1224 Məqalələr

İmam Hüseyn (ə) müsibəti ilə bağlı insanları 3 dəstəyə bölmək olar.

 

Birinci dəstə o insanlardır ki, İmamın (ə) şəhadətinə sevinirlər (nəuzubillah!). Bunlar o kəslər idi ki, İmamı (ə) qətl etmək üçün Yezidin (lən) ordusuna qoşulmuşdular.

 

Onların əksər hissəsi Şam əhlindən idi. Şam əhli adətən o insanlar idilər ki, nə İmamı (ə) tanıyırdılar, nə də etiqadları əsil İslam idi. Şam əhli zahirən müsəlman idi, ancaq vəhyin söylədiyi müsəlman deyildilər. Müaviyyə (lən) ağlına gələn-gəlməyən nə deyirdisə, onlar qəbul edirdilər. Müaviyyənin sözlərinə qarşı heç bir şəkkə malik deyildilər. O zaman ki, İmam Əlini (ə) məsciddə şəhid edirlər, Şam əhli deyir ki, məgər İmam (ə) namaz qılırdımı ki?!

Bu gün də eyni təfəkkürdə olan insanlara rast gəlmək olur.

 

İkinci dəstə o insanlardır ki, İmamı (ə) tanıyırdılar və bilirdilər ki, Həzrət Hüseyn (ə) – İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) övladıdır, Peyğəmbərin (s) haqq canişinidir, həqiqi xəlifəsidir. Bu insanlar İmamın (ə) hədəfini birmənalı qəbul edirdilər. İmamla (ə) çiyin-çiyinə vuruşur və ona hər zaman dəstək olurdular. Onlar İmamı (ə) İlahi hüccət olaraq qəbul edir və vilayət əhli olduqları üçün, şəkk-şübhəsiz İmamın (ə) ardınca hər yerə, o cümlədən, şəhadətə də gedirdilər.

Ancaq çox təəssüf ki, bu insanların sayı az idi.

 

Üçüncü dəstə o insanlardır ki, İmamı (ə) tanıyır, hədəfini qəbul edirdilər, ancaq lazım olan anda İmama (ə) yardım etməkdən çəkinmişdilər. Bu kəslərin çoxu – İmama (ə) minlərlə məktub yazan Kufə əhli idi. İmamı (ə) dəvət etsələr də, onun arxasında dayanmadılar və zülmün qorxusundan geri çəkildilər.

 

Tarix nəql edir ki, Aşura gecəsi İmamın (ə) ətrafında 2000 nəfər var idi.

İmam (ə) söhbət edəndən və çıraqları söndürəndən sonra, əksər hissəsi oranı tərk etmişdi. Çox az sayda insan qalmışdı ki, tarix bu rəqəmin 45 olduğunu söyləyir. Aşura günü isə 32 nəfər əlavə olaraq, İmama (ə) qoşulur. O kəslər ki, getmişdilər, bəziləri nəinki İmamı (ə) tək qoydular, hətta müəyyən hissəsi qorxusundan İmama (ə) qarşı belə çıxdılar. (Tebyan)

 

Ona görə də həqiqi Əhli-Beyt (ə) davamçısı olmaq hər zaman çox çətindir. Amma çox şərəflidir.

Allah Təala bizi həqiqi Əhli-Beyt (ə) davamçısı olanlardan qərar etsin!/Deyerler.

 

Bənzər Olanlar