Paylaş
Facebook Twitter Google+

Aşura mərasimləri ilahi şəairdir -nişanələrdəndir...

Ramal Əmiraslanov

2018-09-12 11:27:08 3677 Məqalələr

Aşura mərasimləri ilahi şəairdir

         Quran belə buyurur:

ذَلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ

“Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.” (“Həcc” surəsi, 32)

شَعَائِرَ - “Şəair” ərəb sözü olub “şəirə” sözünün cəmidir, nişanə və əlamət, simvol deməkdir. Qurani-Kərim bir sıra məsələləri Allahın, dinin nişanələri kimi təqdim edərək onlara hörmət və ehtiramı iman və təqvaya bağlayr. (“Həcc” surəsi, 32)

 

        Qurtubi “şəair” sözünə belə təfsir verir: “Şəair”- insanı bir yönə sövq edən dəlil, əlamət deməkdir. Ayədəki “şəairilləh” isə insanı Allaha tərəf yönəldən əlamətlərə deyilir.” (“Təfsiri Qurtubi” c. 12, səh. 56)

 

        Qurani-Kərimə nəzər saldıqda bizi Allaha yönəldən əlamətlərin nümünəsini görürük:

  1. Mərvə və Səfa dağı:“(Ey mömünlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.” (“Bəqərə” surəsi, 158)
  2. Dəvələr:“Biz qurbanlıq kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik.” (“Həcc” surəsi, 36)
  3. Müzdəlifə (Məşərul-həram): “Ərəfatdan qayıdarkən Məşəru-həramda (Müzdəlifədə) Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!” (“Bəqərə” surəsi, 198)
  4. Məscid və ilahi məkanlar:“(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər(məscidlər)dir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.” (“Nur” surəsi, 36)

        Bu ayəyə əsasən, məscid də Allahın yer üzündəki nişanəsi və əlamətidir. Təsadüfi deyil ki, məscidə “Allahın evi” deyilir. Məlumdur ki, Allahın xüsusi evə ehtiyacı yoxdur. İlahi məkanların əzəmət və böyüklüyünü göstərmək üçün onlar bu cür adlandırılmışdır.Yer üzünün cənnəti kimi təsvir edilən bu ilahi məkanlar zaman-zaman terror aktlarına, düşmən hücumlarına məruz qalır. Məscidlər içində namaz qılındığı halda partladılır, dağıdılır, sökülərək viran olunur. Bu hallar “Allahın evləri” üçün yolverilməzdir. Öz evimizə göstərdiyimiz diqqətin bir hissəsini bu ilahi məkanlara yönəltsək, bərpa edib qursaq, dünya və axirət xoşbəxtlərindən olarıq.

        Bu ayədən istifadə edərək deyə bilərik ki, ilahi övliya və peyğəmbərlərin də evi bu kateqoriyaya daxildir. Tarixdən və Qurandan bizə məlumdur ki, hətta peyğəmbərin (s) evinin qarşısında yüksək səslə qışqırmaq və peyğəmbəri (s) yüksək səs tonu ilə çağırmaq qadağan edilmiş və bu işi edənlər məzəmmət olunmuşlar. (Bax: “Hucurat” surəsi, 2-3-4-5, həmçinin bax: Cəlaləddin Suyuti – “Ədd-Durrul-Mənsur” təfsiri c. 5, səh. 50)

  1. Əshabı-Kəhf mağarası:“...(Nəhayət, Əshabi-Kəhf öldükdən sonra kafirlər) dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!" Onların (Əshabi-Kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (mömünlər) isə: "Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!" - dedilər.” (“Kəhf” surəsi, 21)

        Diqqət edirsinizsə, Allah övliyası olan və mağarada yenidən dünyalarını dəyişən şəxslərin yerləşdiyi məkanın üzərində məscid tikilir və Quran o hadisəni bizə nümunə kimi göstərir. Bu ayələr bizə öyrədir ki, ilahi şəair sayılan məkanları daim qorumaq, abadlaşdırmaq və o pak məkanlardan axirətimizi abadlaşdırmaq naminə istifadə etməliyik.
       6. İmam Hüseyn (ə) əzadarlığı da bu baxımdan ilahi şəairdir: Çünki bu mərasimlər birbaşa Allah Rəsulunun (s) bizə göstərişidir və bizə miras qalan sünnələrindəndir. Allah Rəsulunun (s) imam Hüseynə  (ə) ağlaması, göz yaşı tökməsi mövzusunda kifayət qədər hədislər mövcuddur.  Növbəti bəhsimizdə bu deyilənlərə geniş yer ayıracağıq.

 

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

Bənzər Olanlar