Paylaş
Facebook Twitter Google+

Əl-Muraqibat kitabından bir yarpaq-Rəcəb ayının müraqibətləri -

Ramal Əmiraslanov

2019-03-11 06:44:07 1124 Məqalələr
Mütəal Allah buyurur: Mənimlə həmsöhbət olanla Mən də həmsöhbət olaram!
 
Dai mələkin nidası və ona cavab 

Rəcəb ayının mühüm müraqibətlərdən biri də Rəsuli-əkrəmdən (s) nəql olmuş “Dai mələk” hədisini xatırlamaqdır. Allahın rəsulu (s) buyurdu:
“Mütəal Allah yeddinci səmada “Dai” adlı bir mələk qərar vermişdir. Rəcəb ayı gəldiyi zaman bu mələk hər gecə səhərə qədər deyir: Xoş olsun, Allaha həmd-səna edənlərin halına. Xoş olsun, Allaha itaət edənlərin halına. Mütəal Allah buyurur: Mənimlə həmsöhbət olanla Mən də həmsöhbət olaram. Mənə itaət edən şəxsdən Mən də itaət edərəm (istəklərini yerinə yetirərəm). Məndən bağışlanmaq istəyəni bağışlayaram. Ay Mənim ayım, bəndə Mənim bəndəm və rəhmət Mənim rəhmətrimdir. Bu ayda Məni səsləyən hər bir kəsin səsinə səs verərəm. Məndən istəyən hər bir kəsə əta edərəm. Məndən hidayət istəyən kəsi hidayət edərəm. Bu ayı Özümlə bəndələrim arasında ip qərar vermişəm ki, onu tutan hər bir şəxs Mənə yetişər.”

Əfsus, Allaha itaət etməkdə səhlənkarlığımıza! Haradadır şükür edənlər?! Haradadır təlaş edənlər?! Haradadır ağıl sahibləri?! Bu səmavi nidanın haqqını dərk etməyə qadirdirlərmi?! Nə üçün cavab eşitmirəm!? Haradadır o ariflər ki, bu nemətin şükrünü yerinə yetirməyə qadir olmadıqlarını bilirlər!? Haradadır öz acizliyinə və səhlənkarlığına etiraf edən kəslər ki, bu səmavi carçının cavabında desinlər: Qəbul etdik və sənə yardımçıyıq. Salam olsun sənə ey cəlil və cəmil, padşahlar padşahı, mehribanların ən mehribanı, həlim, kərim, şəfqətli rəfiq, böyük əfv sahibi, insanın pisliklərini yaxşılığa çevirən Allahın carçısı! Bunlar günahkar, tüğyankar, fasiq, şəhvət və qəflətlərə əsir bəndələrdir. Ey Allahın əziz elçisi! Zahirdə diri olan ölüləri çağırırsan! Onların qəlbləri ölmüş, ağılları ayrılmış, ruhları fasid olmuşdur! Nə üçün ölüləri səsləyirsən! Sənin çağırışının onlara faydası yoxdur. Təkcə o vaxt onlar üçün fayda verər ki, sənin çağırışınla onları qəlbləri dirilsin, ağılları başlarına qayıtsın, ruhları oyansın, bu səmavi nidanın dəyəri, Allahın böyüklüyü, nəfsin dəyərsizliyi, imtahanın çətinliyi və öz halının pisliyi haqqında düşünsünlər. Onlar qovulmağa, uzaqlaşdırılmağa, lənət və əzaba layiqdirlər. Lakin Rəbbin geniş rəhməti bu böyük dəvətə səbəb olmuşdur. Özü də insanın düşündüyündən, istək və arzusundan daha üstün bu dil və incə bəyanla. 

Ey Məbudun mələki! İndi bu səmavi nida və böyük lütf vasitəsilə Allahdan istəyirik ki, bizi bu lətif dəvətə və böyük kəramətə cavab verməyə müvəffəq etsin.
Ey Allahı zikr edənlərə və Ona itaət edənlərə xoşbəxtlik vədəsi verən! Biz də səni salamlamaqla, dua etməklə, canımızı fəda etmklə dəvətini qəbul edirik. Çünki bizi lətif və kərim sahibimizə təsbih etməyə yönəltdin, bağışlayan və mehriban ağamız və mövlamıza itaət etməyə rəğbətləndirdin, şəfiq rəfiq məbudumuzun kərəm və lütfünü bizə çatdırdın. 
Ey carçı! Həqir kəslərin hal dili sənə cavab verir ki, bizə minnət qoydun, əzəmətli səadətə, uca məqama dəvət etdin. Bizim həqirliyimiz, rəzil məqamımız, çirkin halımız, xəsis məkanımız hara, Allahımızı təsbih və tərif edə bilməyimiz hara! Torpaq hara, rəblər rəbbi hara! Çirkinliklərə bulaşmış hara, pakların məclisi hara! Zəncirdə əsir olmuş hara, azadların mənzili hara? Lakin Rəbbin lütfü səbəb olmuşdur ki, bizə Özünü təsbih etmək icazəsi versin. Onun hikməti bizi bu təkliflə şərəfləndirmişdir. Əgər bu böyük bəxşişdən sonra Onu təsbih etməkdə səhlənkarlıq etsək, Ona itaət etməkdə süstlük göstərsək, bundan daha böyük rüsvaylıq ola bilərmi?! O, necə də kərim mövla, biz necə də həqir bəndə; O necə də həlim Allah, biz necə də ağılsız bəndə!

Allah tərəfindən çatdırdığını qəlbimizin qulağı ilə eşitdik: “Mənimlə həmsöhbət olanla Mən də həmsöhbət olaram”. Halbuki, bu sözün böyüklüyü o təklifə cavab verməkdə imkan aləmində hər bir dili lal edib, bu kəramətin gözəlliyi ağıl sahiblərini heyran qoyub. Əgər bu xitaba müşərrəf olanların hər hansı biri bütün aləmlərdəkinin bədəninə, bütün ruh sahiblərinin ruhuna sahib olsaydı və onların hamısını bu xitaba cavaba vermək və onu dəyərləndirmək üçün fəda etsəydi, yenə də bu xitabın haqqını əda edə bilməzdi, hətta onun bir hissəsinin şükrünü yerinə yetirə bilməzdi. Bəs nə üçün dəyərsiz və həqir insan bu dəvəti qəbul etməkdən qafil olur, bu böyük məqamdan faydalanmaqda səhlənkarlıq edir, üstəlik, Allahı tərif və təsbih etmək əvəzinə, cəhənnəmə layiq olanı tərif edir, Allah və peyğəmbərlərə müqərrəb mələklərlə yoldaşlıq etmək, Alləmlərin Rəbbinin məclisində olmaq əvəzinə, cin və şeytanlarla birgə cəhənnəm təbəqələri arasında olmağa razı olur?!

Bundan da heyrətli bir iş ola bilərmi?! Heç görmüsənmi ki, xaliq məxluqu özü ilə həmsöhbət olmağa dəvət etsin, amma məxluq bu dəvəti qəbul etməsin? Halbuki, mövla bəndəsinin münacatını, onunla ünsiyyətdə olmağı sevir, bəndə isə bu lütfü qəbul etməkdən imtina edir! Öz halımızın pisliyinə və qəflətlərimizə təəssüf, həsrət və iqrar etməklə deyirik: Bəli, ey bizim məbudumuz, ağamız və ey bizim malikimiz və mövlamız! Sənin tövfiqin bizə nəsib olsa, bu dəvətini qəbul etməkdə inayətin bizim halımıza şamil olsa, onda xoş bizim halımıza, xoş bizim halımıza! Bizi əziz və uca tutuduğun –necə ki, Sənin kərəmindən, kamal və bəxşişindən yalnız bu gözlənilir– dəvətin vasitəsilə öz arzuladığımızdan da böyük xoşbəxtlik və səadətə yetişərik. Amma Sənin tövfiqin əlimizdən tutmasa və inayətin bizi Sənə tərəf çəkməsə, onda vay bizim halımıza! Elə olduqda biçarə və bədbəxt olarıq. Haqqın rəhmətindən uzaq düşmək cəzası ilə nə edərəm? 

Ona görə də deyirik: Səndən başqa Allah yoxdur. Səni təsbih və tərif edirəm. Bizik zülmkar. İlahi, özümüzə zülm etdik. Bizi bağışlamasan və rəhm etməsən ziyana uğrayanlardan olacağıq. Çarəsizlikdən daha çox cürət edib öz zillət və xarlığımızı üzə çıxararaq böyük andlarla onu təkid edib deyirik: Səni and veririk izzət və cəlalına, ey bizim Rəbbimiz! Öz tövfiqinlə bizi qorumasan və Öz lütfünlə bizə yaxşılıq etməsən, Sənin göstərişlərindən boyun qaçırmala özümüzü həlak edirik, Sənə qarşı üsyan edirik və məhv oluruq. Çünki Sənin yardımından başqa heç bir güc və qüvvə yoxdur.,nur-az

 

Bənzər Olanlar