Paylaş
Facebook Twitter Google+

İmamların (ə) hərəmləri (qəbirləri) yanında dəfn olunmaq insana nə vəd edir?

Ramal Əmiraslanov

2019-09-15 06:53:50 1475 Məqalələr

Əhli-Beyt (ə) məktəbinin əqidəsinə görə, Məsum İmamların (ə) qəbirləri müqəddəs məkanlar hesab olunur. Ona görə də hər bir mömin və günahkar insan səy göstərir ki, onların qəbirlərinin kənarında dəfn oluna bilsin. Bu yolla onların müqəddəs qəbirlərinin feyzindən bəhrələnə bilsinlər.

Muhəqqiq Behbani nəql edir: “Yuxuda İmam Hüseyni (ə) gördüm. Həzrətə (ə) dedim: “Ey, mənim Mövlam! O kəs ki, sizin ətrafınızda dəfn olunar, ondan sual olunarmı?”. Buyurdu: “Hansı mələkdir ki, buna cürəti çatsın?””. (Tebyan)

“Həbəlil-mətin” kitabında oxuyuruq ki, İmam Rza (ə) hərəminin xadimlərindən biri yuxusunu nəql edir və deyir: “Yuxuda gördüm ki, bu müqəddəs məkandayam və dəstəmazımı təzələmək üçün bayıra çıxmışam. Çox sayda insan gördüm ki, müqəddəs hərəmə daxil olurlar. Onların qarşısında nurani bir şəxsiyyət vardır və onun arxasında olan insanların əlində isə bel gördüm. Elə ki, müqəddəs salonun ortasına çatdılar, qarşılarında olan nurani şəxs dedi: “Bu qəbri qazın və bu xəbisi bayıra çıxardın”. Sonra qəbri qazmağa başladı. Bir nəfərdən soruşdum ki, bu şəxs kimdir? Dedi: “Əmirəl-möminindir (ə)”.

Bu zaman gördüm ki, İmam Rza (ə) mübarək rövzədən bayıra çıxdı və İmam Əlinin (ə) xidmətinə getdi. Həzrətə (ə) salam verdi və o da cavabını aldı.

İmam Rza (ə) buyurdu: “Ey cəddim! Sizdən xahiş edirəm ki, bu dəfn olunmuş şəxsi bağışlayasınız”. Buyurdu: “Bilirsənmi ki, o, fasiqdir və şərabxorluq edirdi?”. Ərz etdi: “Bəli. Ancaq vəsiyyət etmişdir ki, ölən zaman onu mənim ətrafımda dəfn etsinlər. Ona görə də mən ümidvaram ki, siz onu bağışlayacaqsınız”. İmam Əli (ə) buyurdu: “Onu sənə xatir bağışladım”.

Mən yuxunun dəhşətindən ayıldım. Hərəmin bəzi xadimlərini də yuxudan oyatdım və yuxuda gördüyüm həmin məkana gəldik. Gördük ki, burada təzə bir qəbir vardır ki, torpağı ətrafa səpilmişdir. Soruşduq ki, bu qəbrin sahibi kimdir? Dedilər ki, fasiq bir insandır ki, dünən burada dəfn olunmuşdur”./Deyerler.

Bənzər Olanlar