Paylaş
Facebook Twitter Google+

Şeytanın (lən) bizdən istəyib, dilinə gətirmədikləri 8 əməllər hansılardır?!

Ramal Əmiraslanov

2020-01-07 08:24:25 831 Məqalələr

İnsanın həyatı boyu ona düşmənçilik edənlərin sayı heç də az olmur. Ancaq şeytanı bu düşmənlər içərisində ən güclüsü hesab etmək olar. Allah onu insanın aşkar düşməni  adlandırmışdır. “Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin aşkar düşməninizdir”. (“Bəqərə” 208).

Biz düşmənimizlə mübarizə aparmazdan əvvəl onu yaxşı tanımalıyıq. Çünki düşmənin zəif və güclü tərəflərini tanımadan ona qələbə çalmaq olmaz. Bu and içmiş düşməni tanımağımızın ən mühüm əhəmiyyətlərindən biri budur ki, şeytan öz çirkin hədəfinə çatmaq üçün bizə öz məqsədini demir. Ancaq bunları bilsək və ona qəlbimizdə inansaq, bu, böyük düşmənə qələbə çalmaq üçün addımlar ata bilərik. (Tebyan)

Şeytanın (lən) bizdən istəyib, dilinə gətirmədikləri:

1. İstədiyiniz hər sözü dilinizə gətirmək. Şeytan (lən) sizdən istəyir ki, hər nə istəyirsinizsə dilinizə gətirin. Ancaq sizə heç bir zaman demir ki, bu sizinlə ətrafınızdakılar arasında düşmənçiliyə və ixtilafa gətirib çıxarda bilər. Ona görə də Allah Təala əmr edir: “Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir)”. (“İsra” 53).

 2. Şeytanın dəstəsinə qoşulmaq. Şeytan (lən) öz geniş təbliğatı ilə sizdən istəyir ki, onun dəstəsinə qoşulasınız. Ancaq heç bir zaman sizə demir ki, onun dəstəsinin bir üzvü olsanız, yüz faiz atəşə düçar olacaqsınız. Ona görə də Allah şeytanın bu niyyətinin üstünü açaraq, buyurur: “Həqiqətən, Şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin! Həqiqətən, o, öz dəstəsini (ona uyanları) Cəhənnəmin alovlu odunun əhlindən olmağa dəvət edir”. (“Fatir” 6).

 3. Addım-addım şeytana yaxınlaşmaq.

 Şeytan sizdən istəyir ki, addım-addım ona yaxınlaşasınız. Ancaq sizə demir ki, ona yaxın olmaq cəmiyyətdəki rahatlığı, sülhü və vəhdəti aradan aparar. Ona görə də Allah buyurur: “Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir”. (“Bəqərə” 208).

 4. Qumar və şərab əhli olmaq. Şeytan sizdən istəyir ki, qumar və şərab əhli olasınız. Ancaq heç bir zaman sizə demir ki, qumar və şərab sizin həyatda xoşbəxt olmağınıza mane olan böyük amillərdəndir. Ona görə də Allah həm qumardan və həm də şərabda uzaq olmağı tövsiyə edərək, buyurur: “Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk           oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız”. (“Maidə” 90).

 5. Əxlaqsız olmaq. Şeytan sizdən istəyir ki, həm aşkar və həm də gizli günahlar işlədəsiniz. Ancaq sizə demir ki, əxlaqsızlıq sizi həlakət dərəsinə süqut etdirə bilər. Ona görə də Allah insana şeytanın ardınca getməməyi dəfələrlə tövsiyə etmişdir. Allah buyurur: “Ey iman gətirənlər, Şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir”. (“Nur” 21).

 6. Hər yeməkdən yemək. Şeytan sizdən istəyir ki, əldə etdiyiniz hər bir yeməyi yeyəsiniz. Yəni haram və halalı fikirləşməyin. Ancaq heç bir zaman sizə demir ki, haram tikə insanı ancaq bədbəxt edər. Ona görə də Allah buyurur: “Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir”. (“Bəqərə” 168).

 7. Heç kimə kömək etməmək. Şeytan sizdən istəyir ki, heç kimə kömək etməyəsiniz. Çünki bu yardım sizin zərərinizə qurtara bilər. Sizin sərvətinizi məhv edə bilər. Ancaq sizə heç bir zaman demir ki, başqalarına yardım etmək, sizin sərvətinizi iki dəfə artıra bilər. Allah Təala buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən  və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir”. (“Bəqərə” 261).

 8. Gözünüzə nəzarət etməmək. Şeytan sizdən istəyir ki, gözünüzə kontrol etməyəsiniz. Hara istəyirsinizsə, ora da baxın. Ancaq heç bir zaman sizə demir ki, harama baxmaq günah tələsinə düşməyə gətirib çıxarar. Allah Təala buyurur: “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu, onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. (“Nur” 30).

Allah Təala bizi şeytanın şərindən qorusun.,Deyerler

Bənzər Olanlar