Paylaş
Facebook Twitter Google+

DÜNYANIN ƏN AĞIR VƏ TƏHLÜKƏLİ YÜKÜ NƏDİR?!

Ramal Əmiraslanov

2019-07-16 11:50:43 4412 Məqalələr

Hər bir insan bu dünya hıyatında müxtəlif ağır çəkili yüklər götürmüş, hətta bəziləri müəyyən idman məşqlərindən sonra güclü, gözəl və ideal bədənə sahib olmuş və olduqca ağır çəkiləri götürməyin öhdəsindən belə gəlmişlər. Amma bu maddi dünyada elə yüngül və ya ağır çəkili yüklər vardır ki, insan bir zaman arzu edəcək ki, ey kaş, onların heç birini götürməyəydim, ən yüngül çəkiyə belə güc vurmayaydım!

Günah bu dünyanın ən ağır yükdür. Az adam tapmaq olar ki, bu ağır yüklə yüklənməsin. Doğrusu, əgər insan günah yükünün acınacaqlı nəticəsindən agah olsaydı, heç vaxt özünə icazə verməzdi ki, ən kiçik və ən yüngül günah yükünə güc sərf etsin. Nə çoxları bu öldürücü zəhərlə rahat və xoşbəxt həyatını yandırıcı cəhənnəm odu ilə əvəz etmişlər.

Bəli, insan həm bu dünyada, həm də axirətdə günah yükünün bir sıra acı nəticələri ilə üzləşəcəkdir ki, aşağıda göstərilənlər onun nümunələrindəndir:

1. Dünyəvi bəla və əzablar: Quran ayələrini mütaliə etdikdə, bu dünya həyatında dünyəvi bəla və əzablara mübtəla olan qövmlərlə tanış oluruq. Belə ki, həmin qövmlərin düçar olduqları dünyəvi bəla və əzablar onların törətdikləri müəyyən günahlarla birbaşa əlaqəli olmuşdur. Qurani-Kərimin “Bəqərə” surəsinin 59-cu ayəsində buyurulur:

فَانزلنا عَلى الّذينَ ظلموا رِجزاً مِنَ السّماءِ بِما كانوا يَفسقُون؛

“...Biz zalımlara etdikləri haqsızlıq və zülmlərə görə göydən şiddətli əzab göndərdik.”

“Ənam” surəsinin 6-cı ayəsində belə buyurulur:

أَلَمْ يَرَوْاْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاء عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ

“Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.”

2. Yandırıcı cəhənnəm odu: Allah-Taalanın Qurani-Kərimdə cəhənnəm əhli ilə bağlı söz açdığı əzablar həm bizim təsəvvürümüzün fövqündədir, həm də ilk görünüşdə onlara dözmək olduqca çətindir. Bir halda ki, bir çoxları, sanki həmin dözülməz əbədi əzablara düçar olmaq üçün rəqibləri ilə yarışır, ötüşür və günahsız bir gün keçirmirlər. “Nəml” surəsinin 91-ci ayəsində buyurulur:

وَ مَنْ جاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلاَّ ما كُنْتُمْ تَعْمَلُونَ؛

“(Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. (Onlara belə deyilər:) “Bu, yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır!””

3. Mənəvi sərmayələrin aradan qalxması: Günahın mahiyyəti və xasiyyəti yandırıcı od kimidir. Nə çox insanlar var ki, saleh və yaxşı əməllər yerinə yetirmək üçün nə qədər çətinliklərə sinə gərirlər, amma qəflət, diqqətsizlik və laqeydlik üzündən yerinə yetirdikləri günah və haram işlər vasitəsilə həmin yaxşılıqları tamamilə yandırıb kül edirlər. Qurani-Kərimin “Kəhf” surəsinin 105-ci ayəsində məhz həmin zümrədən söz açılır və buyurulur:

أُولئِكَ الَّذينَ كَفَرُوا بِآياتِ رَبِّهِمْ وَ لِقائِهِ فَحَبِطَتْ أَعْمالُهُمْ فَلا نُقيمُ لَهُمْ يَوْمَ الْقِيامَةِ وَزْناً؛

“Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də, Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq!”

GÜNAH YÜKÜNÜN AĞIRLIĞI VƏ ACILIĞINDAN QURTULUŞ YOLU

İslam təlimlərinə əsasən, günahın ağır yükündən xilas olmağın ən yaxşı və mühüm yolu tövbə ilə ilahi dərgaha üz tutmaqdır. Tövbə və Allaha qayıdış günahkar insanın axirət həyatını abadlaşdırdığı kimi, maddi və dünəvi həyatını da sahmana salır, ona abır-həya bağışlayır və onu Allah dərgahında əziz və sevimli edir. Necə ki, “Bəqərə” surəsinin 222-ci ayəsində bu haqda belə buyurulur:

إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابينَ وَ يُحِبُّ الْمُتَطَهِّرينَ؛

“...Allah (günahından) tövbə edənləri və pak olanları sevir!”

İmam Əli (ə) necə də gözəl buyurmuşdur:

تَعَطَّرُوا بِالاستِغفارِ لا تَفضَحكُم رَوائحُ الذُّنوبِ؛

“Tövbə və istiğfar etməklə özünüzü ətirləyin ki, günahların qoxusu sizi rüsvay etməsin.” (“Əl-əmali”, Şeyx Tusi, səh.372.)

Bir sözlə, günah yükü ağır olduğu qədər ağrılı-acılıdır, bu ağırlığı yüngülləşdirən və acılığı şirinləşdirən tövbədir, yəni Allah dərgahına üz tutub günahları dilə gətirərək bağışlanma diləməkdir. Bu hisslə mehriban Allahdan istəyirik: İlahi günahlarımızı bağışla!  Rza Şükürlü (Maide.az)

DÜNYANIN ƏN AĞIR VƏ TƏHLÜKƏLİ YÜKÜ

Bənzər Olanlar