Paylaş
Facebook Twitter Google+

HƏYATIN SONU

Ilkin Sail

2015-08-31 08:57:32 4915 Nəhcul-Bəlağə

İmam Əli (ə) buyurmuşdur:

اسْتَعِدُّوا لِلْمَوْتِ فَقَدْ اظَلَّكُمْ، وَ كُونُوا قَوْماً صيحَ بِهِمْ فَانْتَبَهُوا، وَ عَلِمُوا انَّ الدُّنْيا لَيْسَتْ لَهُمْ بِدارٍ فَاسْتَبْدَلُوا؛

“Sizi kölgəsinə alan (sizə yaxınlaşan və nişanələri görünən) ölümə hazırlaşın. Onlar üçün zəng çalındıqda agah (oyaq) olan və dünyanın onların (əbədi yaşayış) yeri olmadığını bilən, sonra isə (onu axirətlə) əvəz edən qövm kimi olun.”

(“Nəhcül-bəlağə”, xütbə 64.)

 

ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) bu dərinmənalı hədisdə bəşər həyatının sonunu təsvir edərək dünyanın mahiyyətini və “ölüm” adlı böyük bir təhlükənin pusquda əyləşdiyindən söz açır və insanlara qəflət yuxusundan ayılıb doğru yola yönəlmək üçün xəbərdarlıq edir.


“Fəqəd əzəlləkum” (sizləri kölgəsinə alan) ifadəsi yaxın gələcəkdə böyük bir hadisənin baş verəcəyi zaman işlənir. “Filan ağac sizin üzərinizə kölgə salmışdır və siz də onun kölgəsində istirahət edirsiniz” – ibarəsindən ağacla sizin aranızdakı fasilənin olduqca az olduğunu başa düşmək olar. Hədisdə qeyd olunan həmin ibarədən üç sual qarşıya çıxır:


Birinci sual: Kölgə nədən kinayədir?


Cavab: Bir çox hadisələrdən kinayə ola bilər. Müxtəlif xəstəliklər, qəfil ölümlər, infarktlar, zəlzələlər, qəzalar və bu kimi insan həyatında baş verən hadisələr də bu qəbildəndir.


İkinci sual: Ölüm bu qədər yaxındırsa, onda onun üçün hazırlıq görmək lazımdır. Bəs, necə hazırlıq görməliyik?


Cavab: Tövbə, özünütərbiyə, camaatın haqqını ödəmək, yaxşı əməllər yerinə yetirmək, insanlara yardım, həmişə Allahı yad etmək və bu kimi əməllərlə özümüzü ölümə hazırlamalıyıq.


Üçüncü sual: İmam Əlinin (ə) kəlamı kimlərə aiddir?


Cavab: “Fəqəd əzəlləkum” (sizləri kölgəsinə alan) ifadəsindən anlaşılır ki, bu kəlam bütün insanlara aiddir və ölüm hamının üstünə kölgə salacaqdır.


Bəlkə də, çağdaş dünyamızda qəfil ölümlərin artımı bir cəhətdən ilahi lütf və mərhəmətdir! Belə ki, nəfsi istəklər keçmişə nisbətən daha da artdığı və insanlar ölümdən qafil olduğundan qəfil ölümlər onları bu qəflətdən ayılda bilər.


“Və kunu qəvmən sihə bihim fəntəbəhu” (Onlar üçün zəng çalındıqda agah (oyaq) olan bir qövm kimi olun) – ibarəsi gecə yarısı nagahan bir karvanın rəhbərinin fəryadı ilə yuxuya getmiş karvan əhlinin yuxudan ayılaraq yola düşməsinə işarədir. Dünya və insanlar da karvan əhlini və düşərgə saldıqları məkanı xatırladır ki, həmin məkan insanlar üçün əbədi deyil, ötəri və müvəqqətidir.


Bəs, insan karvanlarına xəbərdarlıq zəngi çalan kimdir? İmam Əli (ə) buyurur:


كَفى بِالْمَوْتِ واعِظاً؛

“Əgər öyüdverən istəyirsinizsə, ölüm ən yaxşı öyüdverəndir.” (“Biharul-ənvar”, 6-cı cild, səh. 132,s 77-ci cild, səh. 137 və 388.)


Ölüm, dilsiz dili ilə nə deyir? Ölüm dilsiz olsa da, bir dünya səs-sədası var! Demək, ölümlər, qəbiristanlıqlar, xəstəliklər və digər hadisələr bütünlüklə xəbərdarlıq, oyanış və hərəkət zəngidir. Əfsus ki, onu eşidən qulaq azdır!


“Və`ləmu ənnəd-dunya ləysət ləhum bidarin fəstəbdəlu.” (Dünyanın özlərinin əbədi yaşayış yeri olmadığını bilən, sonra isə onu axirətlə əvəz edən bir qövm kimi olun.) İndi ki, qəflət yuxusundan ayılıb dünyanın əbədi yox, qonaq evi olduğunu anlamısınız, öz dünyanızı axirətlə dəyişin, artıq dayanmayın və kifayət qədər azuqə götürüb karvan əhli ilə birgə yolunuza davam edin.


Şəkk-şübhə yoxdur ki, bizim hamımızı bu karvanla birgə aparacaqlar və bütün karvan əhlinin axır-aqibəti, sözsüz ki, ölümdür. Belə isə, nə yaxşı olar ki, qəflət yuxusundan ayılaraq bu səfər üçün münasib azuqə hazırlayaq!


Mənbəə: Maide.az


Mgeo.ge


Ceyhun Muhammedali

Bənzər Olanlar