Paylaş
Facebook Twitter Google+

Ölünü belə dirildən Hz. İsanın (ə) sağalda bilmədiyi xəstəlik

Mən Allahın izni ilə bütün xəstəlikləri sağaltdım. Lakin...

 

İslaminSesi.info- Hz. İsa (ə) Allahın şəriət sahibi peyğəmbərləridəndir. İsa (ə) peyğəmbərin dünyaya gəlişi təqribən miladı tarixinin başlamasına təsadüf edir. Quranda İsa (ə) peyğəmbərin möcüzələrindən, anadan gəlmə korları və ağır xəstəliklərə düçar olmuş şəxsləri sağaltmasından, hətta ölünü diriltməsindən aşkar şəkildə bəhs edilir:

 

“(Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: 'Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: 'Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”. (Maidə-110)

 

Hz.İsa (ə) peyğəmbər öz kəlmələrinin birində bu kəramətinə və həmçinin sağalda bilmədiyi bir xəstəliyə işarə edərək buyurur:

 “Mən Allahın izni ilə xəstələrə şəfa verdim, anadan gəlmə korları sağaltdım, Allahın izni ilə ölünü diriltdim. Lakin axmağı müalicə edə bilmədim”.

Soruşdular: “Axmaq kimdir ey Allahın nəbisi?”

 Buyurdu: Xudbin, özünü bəyənən. Bunlar elə bir kəslərdir ki, özlərində olmayan bütün fəzilət və üstünlükləri  özlərinə aid edərlər, heç bir eyblərini görməzlər. Bütün haqq və hüquqları özləri üçün bilər, başqalarının haqlarını görməzlər. Bu axmaqlıqdır. O elə bir xəstəlikdir ki, onun heç bir dərmanı yoxdur.” (Şeyx Mufid. Əl-Xisal. 221)

 Həqiqətən insan cismi xəstəliyə mübtəla olanda həkim, təbib bu xəstəliyə bir çarə tapır. Lakin əxlaq və mənəviyyat xəstələrinin işi çox çətindir. Allah Təala Quranda bu kimi insanları “qəlbində xəstəlik olanlar” adlandırır. Bu kimi xəstəliklərin müalicəsi yalnız insanın özünün dərin təfəkküründə, özünə nəzarətdə və öz nəfsini islah etməsindədir./Yaşar Nuriyev

Bənzər Olanlar