Paylaş
Facebook Twitter Google+

Türkiyə təkləndi:Səudiyyə kralı da Ərdoğana “atdı”

Muslims in Georgia

2016-02-28 21:22:08 4319 Siyasət









“Rusiya ilə ABŞ arasında əldə olunan atəşkəs sazişindən məmnuniyyət duyuruq və Moskva ilə bu istiqamətdə birgə fəaliyyətə hazırıq”– Səudiyyə kralı Salman bin Əbdüləziz Putinlə dünənki telefon söhbətində belə deyib.

 

Strateq.az xəbər verir ki, iddianı Kreml irəli sürüb.

 

Verilən rəsmi məlumata görə, dünən Suriyada atəşkəs elanını regional dövlətlərə bildirmək üçün Putin növbə ilə əvvəl Bəşər Əsədə, sonra isə Sədiyyə kralı Salman Əbdüləzizə və İran Prezidenti Həsən Ruhaniyə zəng edib. Qarşı tərəfdən ən maraqlı açıqlama isə Salman Əbdüləzizdən gəlib.

 

Rusiyanın atəşkəs qərarını alqışlayan və bundan sonra onunla işləməyə hazır olduğunu bildirən krala Putinin də reaksiyası müsbət olub. Rəsmi açıqlamada hər iki liderin "Suriyada birgə fəaliyyət göstərmək və bu əməkdaşlığı hər zaman davam etdirmək məsələsində razılaşdıqları" qeyd olunur.

 

Mütəxəssislər Səudiyyə kralının bu mövqeyini özünün Yaxın Şərq siyasətindən geri addım atması və “batan gəmidən” qaçaraq, ən yaxın müttəfiqi Türkiyəni savaş meydanında tək buraxması kimi qiymətləndirirlər.

 

Əslində Səudiyyə Krallığının bu addımı Ankaraya ilk xəyanəti də deyil. Ötən il krallığın ən səlahiyyətli diplomatlarından birinin İsrailin xarici siyasətinə yön verən strateqlərindən biriylə gizli görüşdüyü, İraq və Suriyanın şimalında kürd dövləti qurulması məsələsində fikir birliyinə gəldiyi xəbərləri yayılmışdı.

 

Ekspertlərin fikrincə, Səudiyyə kralının bu addımının başlıca səbəblərindən biri beynəlxalq şəraitin onun əleyhinə dəyişilməsi, digəri isə neft qiymətlərinin aşağıya düşməsindən sonra yaşadığı maliyyə böhranıdır. Belə ki, indiyə qədər ABŞ-ın himayəsilə ayaqda durmağa çalışan krallığın Vaşinqtonun iradəsinin əleyhinə getmək şansı yoxdur. Üstəlik, Yaxın Şərqdə davam edən məzhəb müharibələri istər-istəməz ən ciddi hədəf olaraq rəsmi Riyadı ön plana çıxarır və beynəlxalq dəstəyini itirən krallığı "öz qınına" çəkilməyə vadar edir.

 

Digər tərəfdən, sonu görünməyən bu mübarizəni aparmaq üçün krallığın maliyyə imkanları da tükənir. İqtisadi proqnozlara görə, Səudiyyə Ərəbistanı indiki xərclərini azaltmasa, ən geci, 4 ilə tamamilə iflas edə bilər. Bütün beynəlxalq güc mərkəzlərinin əleyhinə getmək və çözümsüzlük yaradaraq, öz istəyini onlara qəbul etdirmək isə daha ciddi maliyyə xərci deməkdir. Bu da krallığın proqnozlaşdırılandan daha erkən iflası mənasına gəlir.

 

Buna baxmayaraq, geri addım da vəziyyətdən çıxış yolu deyil. Çünki rəsmi Riyad bu vaxta qədər yalnız öz məfkurəsini ətraf ölkələrə yaymaq məqsədilə məzhəb savaşlarını körükləmirdi. O, həm də sülalə hakimiyyətinin ölkədə yaratdığı sosial narazılığın qarşısını aşırılığa söykənən xarici siyasətilə almağa çalışırdı.

 

Yüzminlələ müsəlmanın məhviylə nəticələnən məzhəb müharibələri həm ictimai rəyi sosial problemlərdən ayırır, rejimin rəsmi ideologiyasını canlı tutmağa çalışır, həm də müxalif elektoratın xaricə göndərilməsinin, ətraf ölkələrdə “müqəddəs dava” uğrunda canlarından keçməsinin önünü açırdı. Nəticədə müxalifətsizləşən ölkədə getdikcə böyüyən hakim sülalə neft gəlirlərini öz aralarında rahatca bölüşə bilirdilər.

 

İndisə Rusiyanın səfinə keçmək Səudiyyə Ərəbistanını bu silahından da məhrum edə bilər. Hətta xaricdə vəhhabiliyi yayan “ərəb cihadçı”larının yenidən ölkəyə qayıtması və öz məzhəbinə xəyanət edən sülaləyə qarşı mübarizə aparmağa başlayacaqları gözlənilir.

 

Necə ki, ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp da bir müddət əvvəl bu ehtimal üzərində durmuş, özünəməxsus ironiya ilə demişdi: “Səud sülaləsi bizim üçün sağmal inəkdir. O, bizə süd əvəzinə, dollar və qızıl verir. Südü quruyanda başını kəsəcəyik”.

 

Tramp çıxışında həmin başkəsmə əməliyyatının mümkün ssenarisi barədə də öz versiyasını irəli sürmüşdü: “Elə güman etməyin ki, dünyanın müxtəlif yerlərində insanların canına saldığınız və həyatlarını məhv etmələrini, başlarını kəsmələrini istədiyiniz vəhhabilər sonsuzadək yanınızda qalacaq və sizi himayə edəcəklər. Xeyr! Bu terrorçu qrupların sizin qucağınızdan başqa sığınacaqları yer yoxdur. Onlar bir gün qucağınıza qayıdacaqlar, növbə sizə çatacaq və işinizi bitirəcəklər”.

 

Deyəsən, milyarderin proqnozları doğrulur. İqtisadi gücü getdikcə tükənən Səudiyyə Ərəbistanı öz ayağıyla qəssabxanaya doğru gedir. Ondan geriyə isə müsəlman dünyasının beynindən heç bir zaman silinməyəcək qanlı İŞİD xatirəsi qalacaq. Bir də ABŞ-ın “sağmal inəyə” qoşulub Atatürk prinsiplərinə arxa çevirən Ərdoğan hakimiyyəti…

 

Heydər Oğuz

Strateq.az

Bənzər Olanlar