Paylaş
Facebook Twitter Google+

SƏNDƏN HƏRƏKƏT, ALLAHDAN BƏRƏKƏT! dedikdə necə başa düşək?!

Ramal Əmiraslanov

2019-07-16 11:41:23 4387 Şübhələr

 Bütün sahələrdə, o cümlədən, ibadi və mənəvi məsələlərdə də belədir. İnsan əvvəlcə özü bütün səyini göstərməlidir; həm ibadət və itaət etmək üçün, həm də ibadət və itaətini xalisləşdirib yüksəltmək üçün. Əgər insan özü ibadətini xalisləşdirməyə çalışarsa, Allah da bu işdə ona kömək olacaqdır, həm ibadət və itaətini yerinə yetirmək üçün iradə, güc və tövfiq bəxş edəcək, həm də bu ibadət və itaətin əvəzini ən gözəl şəkildə verəcək. Atalar demişkən: “Sən Allaha tərəf hərəkət etsən, Allah da sənin bu hərəkətinə bərəkət verəcək.”

Bəzən ibadət və itaət üçün çalışırıq, namaz qılırıq, oruc tuturuq, sədəqə veririk və digər yaxşı işlər görürük, amma nəfsimizdə, ruhumuzda, ruhiyyəmizdə və həyatımızda bunun təsirini görmürük. Bunun yalnız bir səbəbi vadır və o da budur ki, çalışqanlığımız təkcə fiziki və kəmiyyət baxımından olub, amma işimizin mənəvi cəhətini və keyfiyyətini yüksəltməyə çalışmamışıq. Həmin ibadət və itaəti yerinə yetirərkən niyyətimizi bulaşdırmışıq. İşimizin müqabilində Allahdan başqasından da nələrsə ummuşuq. Halbuki böyük insanlar gördükləri yaxşı işlərin müqabilində Allahdan da umacaqları olmayıb. Onlar yaxşı işləri heç bir savab güdmədən sırf Allahın razılığı, insanlıq naminə və ibadətlərini Allahı ibadətə layiq bildikləri üçün ediblər və nəticədə Allah da onların bu təmənnasız işlərinin əvəzini onları dünya və axirətdə böyük və əziz göstərməklə verib.



Həzrət Fatimeyi-Zəhra (s) bu məsələni qısa və hikmətli kəlamında çox gözəl vurğulayıb:

مَنْ‏ أَصْعَدَ إِلَى‏ اللَّهِ خَالِصَ عِبَادَتِهِ أَهْبَطَ اللَّهُ عَزَّ وَ جَلَّ لَهُ أَفْضَلَ مَصْلَحَتِه‏

“Hər kəs öz xalis ibadətini Allaha sarı ucaldarsa, Allah da ona (dini, dünyası və axirəti) üçün ən gözəl olan məsləhətini nazil edər.” (“İmam Həsən Əskəriyə (ə) mənsub təfsir kitabı”, s.327; “Bəqərə” surəsinin 83-cü ayəsinin təfsirində.)

Allah-Taala riyarkarcasına və özününümayiş məqsədilə yerinə yetirilən ibadətləri və “yaxşı əməlləri” qəbul etmir. Bu sayaq əməllər heç Allah dərgahına ucalmır, yuxarı qalxmır və hətta mələklər bu əməlləri yaxşı əməl dəftərinə yazmırlar, o ki qaldı o əməlin qəbul olub-olmamasından söhbət getsin. Özünügöstərmə və riyakarlıq niyyəti ilə edilən əməllər və yaxud qatışıq niyyətli – (Allahdan savab güdür, insanlardan isə kabab) – maddiyyat və heyvani istəklər həddində qalır və göyə ucalmır.

Allah-Taala niyyətdə ən az qatqısı olan əməli belə qəbul etmir, dəyərləndirmir və mükafatlandırmır. İbadət və itaətin ən xalisini istəyir. Onun dərgahında kəmiyyət və yaxşı işin azlığı-çoxluğu mühüm deyil, mühüm onun xalisliyi, saflığıdır.

Həzrət Fatimeyi-Zəhranın (s) buyurduğu kimi, “ixlas” əməlləri göylərə və ilahi dərgaha ucaldan qanaddır. “İxlas”dır ki, əməlləri Allahın ərşinədək yüksəldə bilir. Əməllərini Allahın uca dərgahına yüksəltmək və “qəbul olundu” möhürü vurdurmaq istəyən şəxs, gərəkdir ki, əməllərini “ixlas” qanadı ilə təchiz etsin, yoxsa, o əməllər elə yerdə qalacaqdır.

Xalis ibadət və riyasız əməl insan üçün mənəvi məqamların ən çətinidir. Amma çalışmaq lazımdır, ruhdan düşməməliyik. Çünki ən böyük alimlər və ariflər belə bu mərhələ də batlağa düşür, Şeytana və nəfsə aldanırlar.

Hədislərdə var ki, insanın əməllərində “riya qaranlıq gecə də qara qarışqa kimidir”. Ən mahir ustalar üçün belə bunu dərk etmək, ayırmaq çətin olur.

Ramazan ayında Şeyx Abbas Qumidən xahiş edirlər ki, Məşhəddəki Gövhərşad məscidində camaat namazına imamlıq etsin. O, əvvəlcə bu işin məsuiyyətli olduğunu söyləyib razılıq vermir, amma axırda israr qarşısında əlacsız qalıb razı olur.



Məsciddə imamlıq etməyə başladıqdan heç on gün keşməmiş, məscidə gələnlərin sayı dəfələrlə artır. Ətraf məhəllələrdən də camaat Şeyx Abbas Qumminin namazlarına qatılmaq üçün axışıb gəlməyə başlayır. Amma alim qəfildən namazlara imamlıq etməkdən imtina edir və bir daha camaat namazına gəlmir.

Şeyx Abbas Qummidən bu hərəkətin səbəbini soruşduqda, belə cavab verir: “Sonuncu dəfə namaza imamlıq edərkən mənə iqtida edənlərin təkbir səsini eşitdikdə, namazda iştirak edənlərin sayının çox olduğunu duydum, bu, məni sevindirdi. Ürəyimdə özümdən razılıq hiss etdim, öyündüm ki, gör arxamda nə qədər adam durub namaz qılır. Elə buna görə də, bu namaz mənim nəfsimə təhlükələdir, namazda iştirak edənlərin sayının çoxluğu məni sevindirir, məndə özümdənrazılıq hissi baş qaldırır, riya və qürura düçar olmaqdan qorxuram. Gedin başqa bir pişnamaz tapın.” (“Simaye-fərzanegan”, Rza Muxtari, səh.144.)

Alim həm başa düşür ki, qıldığı namaz Allaha layiq deyil, həm də qatqılı niyyətinə görə öz nəfsini cəzalandırır.

Gördüyünüz kimi, Şeytanın hər kəs üçün bir kəndiri-qurğusu vardır. Hətta ən ixlaslı və ömürünü Allah yolunda sərf etmiş insanları da çaşdıra bilir. Ən ixlaslı və nəfsini tərbiyə yolunda bir çox mərhələləri atlamış bir adama da yol tapa bilir və heç kim bu təhlükədən sığortalanmayıb. Çünki Şeytan həmişə öz işindədir, həmişə vəsvəsə edir, çalışır ki, az da olsa niyyətləri korlasın, yaxşı əməlləri puç etsin.



Amma insan ən yaxşı əməllərini Allah dərgahına ucaltmaq üçün çalışarsa, Allah da ona bu yolda kömək olacaq və ən gözəl məsləhətini onun üçün nazil edəcəkdir.

Ümid edirik ki, hər iki dünyanın şahzadəsi həzrət Fatimənin (s) bu gözəl hədisinə böyük alimlərin şərhləri əsasında verdiyimiz bu kiçik izah bizə Allah yolunda xalis və riyasız əməl etməyə yardımçı olacaqdır. Mirməhəmməd Bəşir (Maide.az)

SƏNDƏN HƏRƏKƏT, ALLAHDAN BƏRƏKƏT!

Bənzər Olanlar